REGİONLAR
Ədliyyə Nazirliyinin əməkdaşları NDU-nun tələbələri ilə görüşüb
Naxçıvan, 28 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüşü təşkil olunub.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri, universitetin müəllimi Səttar Zamanov nazirliklə universitet arasında yeni tədris ilində həyata keçiriləcək işlərin təsdiq edilmiş tədbirlər planı haqqında məlumat verib. Qeyd olunub ki, ötən ildən başlayaraq tələbələr ədliyyə orqanlarında “Ədliyyə könüllüləri” proqramı istiqamətində həyata keçirilən layihələrdə yaxından iştirak edirlər. Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrin könüllü olaraq nazirliyin fəaliyyət istiqamətlərinə uyğun gördüyü işlərə cəlb edilməsi ilə yeni innovativ layihələrin üzə çıxarılmasına köməklik göstərilir.
Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov bələdiyyələrlə iş mərkəzinin fəaliyyət istiqamətlərindən danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.