CƏMİYYƏT


Ədliyyə naziri Avropa Şurasının konfransında Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərini ifşa edib

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 9-da Yunanıstanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində üzv dövlətlərin ədliyyə nazirlərinin “Ədliyyənin müstəqilliyi və qanunun aliliyi” mövzusunda videoformatda konfransı keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətidən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında Avropa Şurasının Baş katibi, Avropa İttifaqının ədliyyə komissarı, Avropa Şurası Parlament Assambleyası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Avropa Hakimlərinin Məşvərət Şurasının (CCJE) rəhbərləri çıxış edərək, COVID-19 qlobal pandemiyasının qanunun aliliyinə və ədalət mühakiməsinə təsirindən danışıblar.

Konfransın birinci sessiyasında ilk məruzə ilə çıxış edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə pandemiyanın qarşısının alınması üzrə görülən qəti tədbirlərin əhəmiyyətini vurğulayıb.

Bildirib ki, pandemiya İKT-lərin geniş tətbiqini və fəaliyyətin onlayn rejimə keçməsini stimullaşdırıb. Bu baxımdan “Elektron məhkəmə” informasiya sisteminin və onun mobil proqram təminatının tətbiqi karantin dövründə məhkəmələrə onlayn qaydada müraciət etmək, məhkəmə proseslərinin videoformatda keçirilməsi imkanlarını xeyli asanlaşdırıb, bu sahədə qanunvericilik təkmilləşdirilib.

Nazir koronavirus infeksiyasına yoluxma riski yüksək olan penitensiar sistemdə görülən tədbirlərə toxunaraq pandemiya dövründə Azərbaycan Prezidenti tərəfindən humanist siyasətin təzahürü olaraq yaşı 65-dən yuxarı məhkumların əksəriyyətinin əfv olunduğunu, həbsə alternativ qətimkan tədbirlərinin və azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndiyini, cəza siyasətinin humanistləşdirilərək yüzlərlə məhkumun müxtəlif cəzalardan azad edildiyini diqqətə çatdırıb.

Bununla yanaşı, sərhədlərin bağlı olduğu pandemiya şəraitində hüquqi sahədə, o cümlədən ekstradisiya üzrə səmərəli əməkdaşlığı qeyd edərək, bu işdə qardaş Türkiyənin ədliyyə nazirinə təşəkkürünü bildirib.

Çıxışın əsas hissəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Qeyd edilib ki, Ermənistan 30 ildir BMT Təhlükəsizlik Şurasının və tədbirdə sədrinin iştirak etdiyi AŞPA-nın qətnamələrinə məhəl qoymayaraq, işğalda saxladığı torpaqlarımızı azad etməyib, danışıqlar prosesini qəsdən tamamilə pozaraq işğalçılığa hesablanan şüarlarla çıxışlar etməklə hərbi təxribatlara keçib.

Buna cavab olaraq Azərbaycanın BMT Nizamnaməsinə uyğun özünümüdafiə hüququna əsaslanmaqla işğalçını sülhə məcbur etmək məqsədilə heç bir kənar dəstək olmadan əks-hücum əməliyyatları həyata keçirdiyi bildirilib.

Avropa ədliyyə nazirlərinin və Avropa Şurasının rəhbərliyinin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozaraq dinc əhalini məqsədyönlü şəkildə atəşə tutub, bu zaman qadağan olunmuş kassetli və fosforlu bombalardan, ballistik raketlərdən istifadə edib. Nəticədə uşaqlar və qadınlar daxil olmaqla, 100-ə yaxın mülki vətəndaşın həlak olduğu, 400-dən çox insanın yaralandığı bildirilib.

Bütün bunlar insanlıq əleyhinə və müharibə cinayətləridir. Bununla bağlı Ermənistan tərəfi beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumlar bu məsələdə ədalət naminə prinsipiallıq göstərməlidirlər.

Ədliyyə naziri onu da əlavə edib ki, döyüş meydanında tamamilə məğlub olmasına baxmayaraq, Ermənistan öz vətəndaşlarını bilə-bilə, nahaqdan ölümə göndərir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qələbə çalan Azərbaycan isə mənasız yerə qan tökülməsin deyə ümidvardır ki, Ermənistan reallıqla barışaraq işğal etdikləri qalan ərazilərimizi siyasi yolla ölkəmizə geri qaytaracaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.