CƏMİYYƏT


Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirir.

Dekabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar və Ağsu rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Nazir yüz illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlərdən danışaraq rayona səfərdən öncə dövlətimizin başçısı İlham Əliyevin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi üçün müasir inzibati binanın açılışını etdiyini vurğulayıb. Bildirilib ki, yeni məhkəmə binasının istifadəyə verilməsi məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcək.

Müşavirədə Prezident İlham Əliyevin Sərəncamı ilə yenicə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər Dövlət Proqramı”nın müstəsna əhəmiyyəti qeyd olunub, bu mühüm sənədin ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müasir innovativ texnologiyaların və elektron sistemlərin tətbiqi, şəffaflığın artırılması və digər prioritetləri müəyyən etdiyi vurğulanıb, bununla bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd edilərək tövsiyə və tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.