CƏMİYYƏT
Ədliyyə naziri: Probasiya xidməti cəzanın islahedici təsirinin artırılmasında əhəmiyyətli rol oynayacaq
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamında irəli sürülən mühüm yeniliklərdən biri də Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasıdır. Ədliyyə naziri Fikrət Məmmədov AZƏRTAC-a məxsusi müsahibəsində ölkəmiz üçün yeni olan bu institutun tətbiqi ilə bağlı görülən işlər barədə məlumat verib.
Nazir qeyd edib ki, beynəlxalq təcrübədə Probasiya institutu azadlıqdan məhrum edilməyən məhkumların, yaxud həbs olunmamış təqsirləndirilən şəxslərin müəyyən müddətə xüsusi orqanın nəzarətinə verilməsini nəzərdə tutur. Bu institutun geniş tətbiqi məhkumların cəzaçəkmə müəssisəsindən kənar, bilavasitə cəmiyyətdə islahına şərait yaradır. Son illər Avropada həbs yerlərində saxlanılan şəxslərin sayının artması ilə əlaqədar bu xidmətin yaradılması üzrə səylər gücləndirilib. Avropa Şurasının Nazirlər Komitəsi 2010-cu il yanvarın 20-də “Probasiya qaydaları haqqında” Tövsiyə qəbul edib.
Hazırda Ədliyyə Nazirliyi tərəfindən Avropa İttifaqı ilə birgə reallaşdırılan ədliyyə sisteminin inkişafına dəstək layihəsi çərçivəsində ölkəmizdə Probasiya xidmətinin əsasları, əməkdaşlar üçün təlim kurslarının keçirilməsi, məhkumlar üzərində elektron monitorinqin tətbiqi ilə bağlı pilot layihələr hazırlandığını bildirən Fikrət Məmmədov deyib: “Bu sahədə beynəlxalq təcrübədən yararlanmaq məqsədilə əməkdaşlarımız dünyada mövcud modellərlə tanış olmaq üçün xarici ölkələrə ezam ediliblər. Bu xidmətin ölkəmizdə təşkili ilə bağlı dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq artıq konkret təkliflər paketi hazırlanıb”.
Nazir, həmçinin vurğulayıb ki, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü kimi ictimai işlər cəzasının əhəmiyyətinin artırılması baxımından Sərəncamda mühüm tapşırıqlar nəzərdə tutulub. Bununla əlaqədar nazirlik tərəfindən zəruri tədbirlər görülür, o cümlədən məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlanır. “Hesab edirəm ki, yeni yaradılacaq Probasiya xidməti də bu sahədə problemlərin aradan qaldırılmasında və həmin cəzanın islahedici təsirinin artırılmasında əhəmiyyətli rol oynayacaq”, - deyə Fikrət Məmmədov qeyd edib.