CƏMİYYƏT
Ədliyyə naziri Salyanda vətəndaşları qəbul edib
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 16-da ədliyyə naziri Fikrət Məmmədov Salyan rayonundakı Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Hacıqabul rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.
Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində proqram xarakterli çıxışından irəli gələn vəzifələr diqqətə çatdırılıb, ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı və digər konkret göstərişlər və tövsiyələr verilib.