CƏMİYYƏT


Ədliyyə naziri Siyəzəndə vətəndaşları qəbul edib

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 6-da ədliyyə naziri Fikrət Məmmədov Siyəzən rayonundakı Heydər Əliyev Mərkəzində Siyəzən, Şabran və Xızı rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Müşavirədə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb. Həmçinin ədliyyə və məhkəmə sisteminin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı tapşırıq və tövsiyələr verilib, şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.