CƏMİYYƏT
Ədliyyə naziri Ucar rayonunda vətəndaşları qəbul edib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 13-də ədliyyə naziri Fikrət Məmmədov Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Fikrət Məmmədov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.
Nazir Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı fevralın 10-da yeni qəbul olunmuş proqram xarakterli Sərəncamından irəli gələn vəzifələri müşavirə iştirakçılarının nəzərinə çatdırıb, sənədin insan hüquqlarının etibarlı təmin olunmasında müstəsna əhəmiyyətini qeyd edərək vaxtında, mütəşəkkil və dürüst icrası ilə bağlı konkret tapşırıqlar verib.
Müşavirədə, həmçinin dövlətimizin başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər mənfi hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılaraq, etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması qeyd olunub.
Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunaraq aidiyyəti tövsiyə və tapşırıqlar verilib.