CƏMİYYƏT
Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının göstərişlərinə və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 8-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov Masallı rayonunda vətəndaşların qəbulunu keçirib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Masallı şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün əlverişli şəraitin yaradılmasından məmnun olduqlarını ifadə edərək göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Həmçinin ətraf rayon icra və probasiya şöbələrinin rəislərinin iştirakı ilə müşavirə keçirilərək ədliyyə fəaliyyətinin dövlətimizin başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərə toxunulub, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanın müstəsna əhəmiyyəti vurğulanıb. Müşavirədə qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə qərarlarının icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya hallarının yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.