SİYASƏT
Adnan Zamburkan: Azərbaycanda gedən inkişaf prosesləri Türkiyədə sevinclə qarşılanır
Bakı, 3 yanvar, AZƏRTAC
Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin böyük tarixi var. Azərbaycan Türkiyə üçün böyük önəmə malik bir dövlətdir. Azərbaycanda gedən inkişaf prosesləri Türkiyədə sevinclə qarşılanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Adnan Zamburkan bildirib. O qeyd edib ki, ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin dedikləri kimi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik”.
Adnan Zamburkan bildirib ki, 2006-cı ildən etibarən Kocaeli şəhərində fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası qardaş ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Bu layihələrin bir hissəsi Türkiyənin rəsmi qurumları ilə birgə reallaşdırılıb. Kocaelidə ümummilli lider Heydər Əliyevin adına parkın, Heydər Əliyev Mədəniyyət Evinin, Xocalı şəhidləri abidəsinin açılışlarını görülən işlərə misal göstərmək olar.
Mədəniyyət və Turizm İdarəsinin müdiri vurğulayıb ki, ölkələrimizin birliyi əbədidir.