İDMAN
Aerobika gimnastikası üzrə ikinci Azərbaycan birinciliyi və Bakı çempionatı keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də aerobika gimnastikası üzrə ikinci Azərbaycan birinciliyi və Bakı çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, 35 gimnastın qatıldığı yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası üzrə çempionatda “Ocaq Sport” Klubunun nümayəndələri medallar uğrunda mübarizə aparıblar.
Turnirdə idmançılar fərdi kişi (gənclər 15-17 yaş, böyüklər 18 və daha yuxarı yaş), fərdi qadın (uşaqlar 7-8, balacalar 9-11 yaş, yeniyetmələr 12-14 yaş, gənclər 15-17 yaş) və qadın üçlüyü (uşaqlar 7-8 yaş, balacalar 9-11 yaş, yeniyetmələr 12-14 yaş) proqramları üzrə məharətlərini nümayiş etdiriblər.
Əvvəlcə aerobika haqqında yarış iştirakçılarına məlumat verilib.
Açılış mərasimindən sonra qız gimnastlar arasında fərdi proqram üzrə 7-8 və 9-11 yaş qrupları üzrə idmançılar çıxış ediblər. Sonra üçlük tərkibində 7-8 və 9-11 yaşlı gimnastların çıxışları olub. Daha sonra qadınlar və kişilər arasında yeniyetmələr, gənclər və böyüklər, həmçinin üçlük tərkibində çıxış edən 12-14 yaşlı gimnastların fərdi proqram üzrə yarışları keçirilib.
Sonda hər iki turnirin qalibləri mükafatlandırılıb.