SİYASƏT


Afinada “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı keçirilir

Afina, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Yunanıstanın paytaxtı Afina şəhərində “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Marianna V.Vardinoyannis Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbir VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.

Beynəlxalq tədbirin məqsədi Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələlərini müzakirə etməkdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.