REGİONLAR
Əfqan Nifti: Azad olunmuş ərazilərdə törədilmiş dağıntıları dünya ictimaiyyətinin bilməsi çox vacibdir VİDEO
Ağdam, 22 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Səfərimizin məqsədi Ağdamı, azad olunmuş əraziləri öz gözlərimizlə görmək idi. Məlumatımız var idi ki, bu ərazilərdə ciddi dağıntılar törədilib, 30 illik işğal dövründə bu yerlər yaşanılmaz hala gətirilib. Biz bunu öz gözlərimizlə gördük. Həqiqətən də bu yerlərin yaşanılmaz hala gətirilməsi üçün Ermənistan tərəfindən qəsdən və məqsədi şəkildə dağıntılar törədilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri ABŞ-ın Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.
Bu kimi halların ciddi problem olduğunu söyləyən Ə.Nifti deyib: “Azad olunmuş ərazilərdə törədilmiş dağıntıları dünya ictimaiyyətinin bilməsi çox vacibdir. Biz bu səfərimizdə bunu aydın şəkildə gördük və eyni zamanda, lentə aldıq. Qayıtdıqdan sonra gördüklərimizlə bağlı tərəfdaşlarımıza məlumat verəcəyik və onların bu məsələ ilə bağlı məlumatlı olması çox vacibdir. Biz, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında daimi sülhün bərqərar olmasını da istəyirik. Bunun üçün regonda əlverişli şərait yaranıb və status-kvo dəyişib. Ümid edirik ki, bu, mümkün olacaq”.
Qeyd edək ki, mayın 22-də ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.