CƏMİYYƏT
Əfqan qadın Helsinkidə vitse-mer seçilib
Helsinki, 8 iyun, AZƏRTAC
Helsinki Şəhər Şurası tarixdə ilk dəfə olaraq paytaxtın merini və vitse-merlərini seçib. Aprelin 9-da bələdiyyə seçkilərində rekord miqdarda səs toplamış Yan Vapaavuori şəhərin meri seçilib. Parlamentin deputatı (Sosial-Demokrat Partiyası) Nasima Razmiar ən gənc vitse-mer oldu. O, əvvəlcə qaçqınlar ailəsindən ilk deputat idi, indi isə ölkənin ali rəhbərliyinin əcnəbi əsilli ilk üzvü olacaq.
Yeni vitse-mer N.Razmiar mədəniyyət və asudə vaxtın təşkili məsələlərinə baxacaq.
“Mənim vitse-mer olmağım immiqrant əsilli yeniyetmələr üçün böyük rəmzi məna daşıyır. Onların çoxu uşaq vaxtı irqçiliyə və diskriminasiyaya məruz qalıblar. Amma bu, Helsinkidə onların həyatının reallığına çevrilməli deyil”, - deyə Nasima Razmiar bildirib.
Nasima Razmiar 2010-cu ilin qaçqın qadını seçilib. O, öz fəaliyyəti ilə bütün immiqrantlara göstərdi ki, Finlandiyada hər kəsin vəziyyətdən çıxmaq, əzm və iradə sayəsində öz arzularını həyata keçirmək imkanı var.
Nasima tipik qaçqın deyil. O, Finlandiyaya 1992-ci ildə 8 yaşında olarkən Moskvadan gəlib. Atası Moskvada səfir olub. Əfqanıstanda müharibə başlanandan sonra ailə vətənə qayıda bilmədiyi üçün onlar Finlandiyadan siyasi sığınacaq istəyiblər.
Vitse-merin sözlərinə görə, Finlandiya immiqrantlar üçün nümunəvi ölkədir. Bu, uşaqları böyütmək üçün təhlükəsiz ölkədir. Məktəblərdə immiqrant ailələrindən olan uşaqlara, həmçinin öz dillərində təhsil almaq təklif edilir, gənclərin isə pulsuz oxumaq imkanları var.
Nasima Razmiar gəncləri öz arzularını həyata keçirmək üçün cəhd göstərməyə çağırır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki