DÜNYA


Əfqanıstan hakimiyyəti “Taliban” qruplaşması üzvlərinin həbsdə olan sonuncu qrupunu azad etməyə başlayıb

Bakı, 14 avqust, AZƏRTAC

Əfqanıstan hakimiyyəti “Taliban” hərəkatının həbsdə olan 400 tərəfdarından ibarət sonuncu qrupu azad etməyə başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurası bəyanat yayıb.

“Əfqanıstan hakimiyyəti qəbilə başçılarının fövqəladə yığıncağının birbaşa danışıqlar prosesinin başlamasını sürətləndirmək üçün azad etmək qərarına gəldiyi 400 talibdən 80-ni azadlığa buraxıb”, - deyə bəyanatda bildirilir.

Avqustun 10-da Əfqanıstan Prezidenti Əşrəf Qəni “Taliban” hərəkatının təqdim etdiyi siyahıda yer alan əsirlərin sonuncu qrupunun azad olunması barədə fərman imzalayıb. Əfqanıstan hakimiyyəti indiyə qədər həmin şəxsləri ağır cinayətlər törətməkdə günahlandıraraq azadlığa buraxmaqdan imtina edirdi.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” hərəkatı isə ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəyinə zəmanət verib. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad olunmalıdır.

Əfqanıstan hakimiyyəti və “Taliban” hərəkatı arasında danışıqların avqustun 16-da Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılır. Hökumət nümayəndələri artıq avqustun 12-də Doha şəhərinə yollanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.