DÜNYA
Əfqanıstan prezidenti taliblərlə sülh sazişi bağlamaq niyyətini təsdiqləyib
Bakı, 11 fevral, AZƏRTAC
Əfqanıstan prezidenti Əşrəf Qani ölkədə “Taliban” hərəkatının siyasi ofisinin açılacağı təqdirdə onun təhlükəsizliyinə təminat verəcəyini bildirib.
AZƏRTAC TOLOnews agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan lideri, həmçinin hərəkatla sülh sazişi bağlamaq niyyətində olduğunu da təsdiqləyib. Onun sözlərinə görə, cəmiyyətə qoşulmaları üçün “Taliban” döyüşçülərinə kömək edə biləcək mexanizm hazırlanmalıdır.
Bundan başqa, prezident Əfqanıstanın nüfuzlu siyasi, ictimai, dini xadimlərindən, həmçinin qəbilə başçıları və ağsaqqallardan ibarət şura yaratmaq barədə qərarını da elan edib.
Qeyd edək ki, bir qədər əvvəl Əşrəf Qani “Taliban” hərəkatına Kabil, Nanqarhar və ya Qəndəhar şəhərlərində ofis açmağa imkan yaradacağını bildirmişdi. Taliban hərəkatının tələbləri arasında rəsmi nümayəndəliyin vacibliyi, həmçinin Qərb sanksiyalarının, hərəkat üzvlərinin hərəkət etməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması, həbs olunan taliblərin azadlığa buraxılması və Dohada yerləşən siyasi ofislərinin tanınması da var.