SİYASƏT


Əfqanıstanda Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcək

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Səməd Seyidov ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin təşəkkül tapdığını deyib. Əfqanıstanın Ermənistanın işğalı ilə üzləşən Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini və bu mövqeyin 44 günlük Vətən müharibəsinin ilk günündən birmənalı şəkildə davam etdirildiyini bildirən Səməd Seyidov Əfqanıstan parlamentinin hər iki palatasının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunan bəyanatlarına diqqət çəkib.

Səfir Amanullah Ceyhun qardaş ölkənin parlamentində olmasından məmnunluğunu ifadə edərək Əfqanıstanda Azərbaycan səfirliyinin açılmasının ikitərəfli əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Zəfər münasibətilə təbriklərini çatdıran səfir deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin qəbul etdiyi qətnamələri öz gücünə yerinə yetirərək bölgədə beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. O, bu yaxınlarda azad edilmiş ərazilərdə işğalın acı nəticələrini şəxsən öz gözləri ilə gördüyünü diqqətə çatdırıb.

Azərbaycanın 2000-ci ildən bəri ölkəsində sülhməramlı missiyada iştirak etdiyini vurğulayan səfir Əfqanıstanı həmişə dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib. Diplomat ölkəsinin Azərbaycanla münasibətlərə dəyər verdiyini söyləyərək iki ölkə arasında əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi üçün parlamentlərin mühüm töhfələr verə biləcəyini vurğulayıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Əfqanıstanla bir çox sahədə əlaqələrin dərinləşməsində maraqlı olduğunu, o cümlədən hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını qeyd edib.

Görüşdə müxtəlif platformalarda əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.