DÜNYA
Əfqanıstanda “Taliban” hərəkatının gecə hücumu nəticəsində azı 14 hərbçi öldürülüb
Bakı, 26 aprel, AZƏRTAC
“Taliban” hərəkatının gecə hücumu nəticəsində Əfqanıstan ordusunun azı 14 hərbçisi öldürülüb, 4-ü isə yaralanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Qunduz vilayətinin Tacikistanla sərhədində yerləşən Daşti-Arçi rayonunda baş verib. Əyalət şurasının deputatı Seyfullah Əmirinin sözlərinə görə, taliblər hökumət qüvvələrinin mövqelərinə gecə saatlarında bir neçə istiqamətdən hücum ediblər.
Qeyd edək ki, 2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.