DÜNYA
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində azı 13 hərbçi öldürülüb
Bakı, 18 may, AZƏRTAC
Əfqanıstanın cənubunda yerləşən Qəzni vilayətinin Əciristan qəzasında “Taliban” hərəkatının hücumu nəticəsində azı 13 hərbçi öldürülüb, 8 nəfər isə yaralanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın yerli hakimiyyət orqanları məlumat yayıb.
İnsident mayın 18-nə keçən gecə baş verib. Taliblər hökumət qüvvələrinin yaşayış məntəqəsində yerləşən nəzarət-buraxılış məntəqələrinə hücum ediblər. Hazırda döyüşlərin davam etdiyi bildirilir. Əfqanıstan ordusunun buraxılış məntəqələri ilə əlaqəsi kəsilib. Bələdiyyə başçısının sözlərinə görə, hökumət qüvvələri kömək göndərməsə, yaşayış məntəqəsi əldən gedə bilər.
Hərəkatın mətbuat katibi Kari Yusif Əhmədi yerli KİV-lərə bildirib ki, artıq bütün nəzarət-buraxılış məntəqələri üzərində nəzarəti ələ keçiriblər. Hökumət qüvvələrinin əlində isə yalnız administrativ mərkəz və polis binası qalıb.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.