Əfqanıstanda “Taliban”ın hücumu zamanı təhlükəsizlik qüvvələrinin 30 əməkdaşı öldürülüb
AzerTAg.az

Bakı, 20 iyun, AZƏRTAC
Əfqanıstanın Badgis vilayətində “Taliban” hərəkatının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 30 əməkdaşı həlak olub.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, “Taliban” döyüşçüləri iyunun 20-də səhər saatlarında vilayətdəki iki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Bu, atəşkəs elan olunduqdan sonra taliblərin ən irimiqyaslı hücumudur.
İyunun 16-da Əfqanıstan Prezidenti Əşrəf Qani “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında atəşkəsin daha 10 gün uzadıldığını elan edib. Taliblər isə prezidentin bu təşəbbüsünü dəstəkləməyiblər.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.
Xəbərin mətnində orfoqrafik səhv var