CƏMİYYƏT
Əfqanıstanda təbii fəlakətdən zərər çəkənlərə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən humanitar yardım göndərilmişdir VİDEO
Bakı, 4 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Əfqanıstan İslam Respublikasında təbii fəlakətdən zərər çəkmiş insanlara təyyarə ilə yardım göndərmişdir.
AZƏRTAC xəbər verir ki, mayın 4-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ayırdığı 211 min 500 manatlıq qida məhsulları və yataq dəstləri ilə yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Əfqanıstana yola salınmışdır.
FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirmişdir ki, Əfqanıstanın şimalında baş vermiş leysan yağışları nəticəsində subasma və daşqınlardan zərərçəkmiş insanlar üçün Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan dövləti adından humanitar yardım yola salınır. Ərzaq və sənaye məhsullarından ibarət yardımın ümumi çəkisi 122 tondur.
Qeyd edək ki, təyyarə mayın 4-də günortadan sonra Əfqanıstana çatacaqdır.
Yardım Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən Əfqanıstan hökumətinə təqdim olunacaqdır.