CƏMİYYƏT
Əfqanıstanla Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq inkişaf etdiriləcək
Bakı, 22 may, AZƏRTAC
Əfqanıstanla əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadilələrinin genişləndirilməsi üçün səylər artırılacaq.
Bunu ölkəmizin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhid və əlillər naziri Faizullah Zaki İbrahimi ilə görüşündə bildirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə nazir Sahil Babayev ölkəmizin sosial müdafiə sistemi barədə əfqanıstanlı həmkarına məlumat verib. Nazir bu sistemdə şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, əmək və sosial müdafiə sahələrində iş mexanizmlərinin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi yönündə aparılan islahatları diqqətə çatdırıb.
Görüşdə bildirilib ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Həmin sənədə əsasən, konkret sahələr üzrə müəyyən təcrübə mübadilələri aparılır. Nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq sahəsində əməkdaşlığa öz töhfəsini verəcəyini qeyd edib.
Əfqanıstanlı nazir ölkəmizlə əmək və sosial müdafiə sahələrində əlaqələrin güclənməsinə, əmək və sosial məsələlərin həlli sahəsində görülən işlərlə bağlı Azərbaycanın təcrübəsini öyrənməyə və aparılan təcrübə mübadilələrini gələcəkdə daha geniş müstəvidə qurmağa xüsusi önəm verdiklərini bildirib. O, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsinin Əfqanıstan tərəfindən də imzalanmasına hazır olduqlarını vurğulayıb.
Görüş gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi ilə davam edib.