İQTİSADİYYAT
Əfqanıstanlı nazir: Xəzər İnnovasiya Konfransı İKT sektorunda qlobal çağırışların müzakirəsi üçün əlverişli platformadır
Bakı, 5 dekabr, AZƏRTAC
Xəzər İnnovasiya Konfransı İKT sektorunda qlobal çağırışların müzakirəsi üçün əlverişli platformadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Şahzad Gul Ayrobi dekabrın 5-də “Bakutel-2018" beynəlxalq sərgi çərçivəsində işə başlayan Xəzər İnnovasiya Konfransındakı çıxışında deyib.
O bildirib ki, hazırda Avrasiyada bir çox ölkənin açıq dənizə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışı yoxdur. Bu baxımdan Xəzər İnnovasiya Konfransı rəqəmsal bağlantı həllərinin biznes çevrələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından böyük əhəmiyyətə malikdir. Konfrans İKT sektorunda qlobal çağırışların və yeni nailiyyətlərin müzakirəsi üçün əlverişli platformadır.
Nazir dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in əhəmiyyəti və üstünlüklərindən də danışıb.