DÜNYA


Afrikada COVID-19 əleyhinə vaksinləmə üzrə irimiqyaslı treninq başlayır

Madrid, 18 fevral, AZƏRTAC

Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin milyonlarla sakininin vaksinlənməsi üçün maddi resurslar, həmçinin kampaniyanın başlanması üçün xüsusi hazırlıq keçmiş menecerlər və tibbi personal tələb olunur.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı afrikalı və beynəlxalq tərəfdaşlarla birgə treninqə başlayır. Ekspertlərlə telekonfranslar əsasında təşkil olunan treninqlərin yaxın 3 ayda 120 min iştirakçını, o cümlədən Afrikanın müxtəlif ölkələrinin nümayəndələrini əhatə edəcəyi gözlənilir.

Eyni zamanda, Afrikanın qabaqcıl təcrübə mərkəzlərindən olan peşəkarlar üçün regional platformalar yaradılır. Bu regional platformalar bütün ərazilərdə yerləşdirilən personalı istiqamətləndirəcək və yenilənmiş kliniki praktikanı onlarla bölüşəcək.

Afrikada COVID-19-a yoluxma hallarının sayı bu ilin yanvarında 50 faiz artıb ki, bu da virusun daha yoluxucu növlərinin yayılmasına şərait yaradıb. Bu günədək Afrika qitəsində 3,8 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb (99.964 nəfər bu xəstəlikdən ölüb). Beləliklə, vərəm, malyariya və İİÇV kimi xəstəliklərin müalicəsi üçün mütəxəssis çatışmazlığı müşahidə olunur.

Hələ 2015-ci ildə bu qarşılıqlı yardım sistemindən istifadə etməyə başlayan ilk Afrika dövləti olmuş Namibiya İİÇV-yə qarşı mübarizə üçün ölkənin daha təcrid olunmuş klinikalarının ekspertlərini əlaqələndirib. Buna görə də COVID-19 əmələ gəldiyi zaman məlumatların yayılması və koronavirus pandemiyası səbəbindən tibbi xidmətlərin təqdimatında yaranan fasilələrin aradan qaldırılması üçün həmin platformadan istifadə etmək asan oldu.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.