DÜNYA
Afrikada idman vasitəsilə təhsil üzrə I sammit keçiriləcək

Rabat, 30 mart, AZƏRTAC
Mərakeşin milli təhsil, kadr hazırlığı, ali təhsil və elmi tədqiqatlar naziri Səid Amzazi və “TİBU Maroc” qeyri-hökumət təşkilatının prezidenti və təsisçisi Məhəmməd Əmin Zariat Afrikada idman vasitəsilə təhsil üzrə I sammit keçiriləcəyini elan ediblər.
AZƏRTAC xəbər verir ki, 2021-ci il aprelin 3-6-da Mərakeşdə və bir neçə Afrika ölkəsində keçirilməsi nəzərdə tutulan bu sammitin məqsədi idmanı inkişaf etməkdə olan ölkələr üçün institusional zərurətə çevirməkdir. Sammitin təşkilatçıları vurğulayırlar ki, təhsil, iqtisadi və sosial inteqrasiya, bərabər imkanlar və davamlı inkişaf üçün bir alət olan idmanın təşviqində və inkişafında birbaşa və ya dolayı yolla iştirak edən bütün milli, regional və qlobal subyektlərin səylərini birləşdirmək vacibdir.
Səid Amzazinin sözlərinə görə, idman vasitəsilə təhsilin hədəfi inteqrasiya, vətəndaşlıq, birgə həyat və psixoloji tarazlığa nail olmaqdır.
İdman uşaqların təliminə, xüsusi ehtiyacları olan insanların potensial imkanlarını üzə çıxarmağa, gənclər, qadınlar, ümumiyyətlə bütün insanlar üçün bərabər imkanlar yaradılmasına, başqa mədəniyyətləri anlamağa, layiqli həyat tərzi keçirməyə, iqtisadi və sosial baxımdan güclü qitə ətrafında birləşməyə kömək edə bilər.
Ali səviyyədə ilk dəfə təşkil edilən “Afrikada idman vasitəsilə təhsil” görüşü “İdman vasitəsilə Afrika gənclərinin potensialının üzə çıxarılması” şüarı altında keçiirləcək.
Səhiyyə sahəsində cari vəziyyətlə əlaqədar bənzəri olmayan bu sammit hibrid formatda keçiriləcək, yəni bəzi tədbirlər ənənəvi qaydada təşkil ediləcək, digər tədbirlər isə rəqəmsal rabitə platformaları ilə translyasiya olunacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat