CƏMİYYƏT


Afrikada iqlim dəyişikliyi ilə mübarizədə ağır maliyyə problemləri yaranıb

Afrikada iqlim dəyişikliyi ilə mübarizədə ağır maliyyə problemləri yaranıb

Bakı, 23 may, AZƏRTAC

Misirin kurort şəhəri Şarm Əl-Şeyxdə keçirilən Afrika İnkişaf Bankı (AfDB) Qrupunun 2023-cü il üçün illik toplantısında maliyyə vəsaiti olmadan iqlim dəyişikliyi ilə mübarizənin imkansız olduğu bildirilib. Afrika ölkələrinin liderləri inkişaf etmiş dövlətləri bu qitədə iqlim hədəflərinə nail olmaq məqsədilə vəd edilən 100 milyard dolları ayırmağa çağırıblar.

AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, toplantıdan sonra keçirilən mətbuat konfransında Afrika İnkişaf Bankı Qrupunun prezidenti Akinvumi Adesina bildirib ki, Afrikada iqlim dəyişikliyi ilə mübarizə üçün adekvat maliyyə çatışmazlığı dözülməz həddə çatıb və “qitəni boğur".

AfDB-nin prezidenti bildirib ki, bu toplantının əsas məqsədi bütün maliyyə resurslarını iqlim dəyişikliyi fonunda yaşıl enerji istehsalına yönəltməkdir. Onun sözlərinə görə, Afrika ölkələri pandemiyadan sonra daha yoxsul vəziyyətdədir və inkişaf etmiş dövlətlərin yardımına kəskin ehtiyac duyulur. "Bu gün Afrikanın bütün regionlarında iqlim dəyişikliyi fəlakətlərə səbəb olur. Sahil regionunda daha isti temperaturlar məhdud su ehtiyatlarını qurudur, bitkilər və mal-qara üçün su çatışmazlığına səbəb olur və qida təhlükəsizliyini pisləşdirir”, -deyə Adesina əlavə edib.

Bank rəhbəri bildirib ki, Şərqi və Cənubi Afrikanın geniş ərazilərində, eləcə də Afrika Buynuzu bölgəsində quraqlıq və daşqınlar insan və infrastruktur itkilərinə səbəb olur ki, bu da qaçqınların sayının artmasına gətirib çıxarır. O vurğulayıb ki, vəziyyətdən çıxmaq üçün Afrikada özəl sektorun iqlimə ayırdığı maliyyə vəsaitinin məbləği hər il 36 faiz artmalıdır. Rəhbərlik etdiyi bankın bu məqsədlərə ümumi sərmayənin 63 faizi həcmində vəsait ayırdığını diqqətə çatdıran AfDB-nin prezidenti qeyd edib ki, bankın yeni İqlim Fəaliyyəti Pəncərəsi çərçivəsində milyonlarla fermerə dəstək verilir, onlara iqlimə davamlı toxumlar əldə etmək imkanı yaradılır. Həmçinin Sahil regionu boyunca təxminən 250 milyon insanın faydalanması üçün 10 min meqavatlıq günəş enerjisi istehsal etməyə imkan verən “Səhradan alınan güc” təşəbbüsünə start verilib.

Bank və Qlobal Adaptasiya Mərkəzi Afrikanın iqlim dəyişikliyinə uyğunlaşmasını dəstəkləmək üçün 25 milyard dollar səfərbər etmək məqsədilə Afrikada Adaptasiyanın Sürətləndirilməsi Proqramına (AAAP) başlayıb. Bu kontekstdə qitədə yaşıl infrastruktur üçün 10 milyard dollar özəl sərmayəni səfərbər etmək məqsədilə digər qurumlarla birgə Yaşıl İnfrastruktur Alyansı (AGIA) yaradılıb. Bankın hesablamalarına görə, iqlim dəyişikliyi ehtiyaclarını maliyyələşdirmək üçün Afrikanın 2030-cu ilə qədər 2,7 trilyon dollara ehtiyacı olacaq.

Adesina jurnalistlərə deyib ki, Afrikanın təkcə təsdiq olunmuş təbii kapitalı 6,2 trilyon dollar dəyərindədir və bu ehtiyatlardan yaxşı istifadə edilərsə, sürətli iqtisadi artıma və sərvət yaratmağa nail olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.