REGİONLAR


Əfsanələr, rəvayətlər, həqiqətlər: “Comərd Qəssab” türbəsi VİDEO

Gəncə, 14 mart, Rauf Hacıyev, AZƏRTAC

Özünəməxsus memarlıq üslubu ilə fərqlənən Gəncə abidələri xalqımızın uzaq və qaranlıq keçmişinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Belə abidələrdən biri də VIII-IX əsrlərə (bəzi mənbələrdə VII əsrin 30-40-cı illərinə) aid edilən “Comərd Qəssab” türbəsidir.

Gəncə sakinlərinin yaddaşında əfsanə şəklində qorunub saxlanan Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Comərd haqqında çoxlu sayda əfsanə və rəvayətlər bu gün də Gəncənin yerli sakinləri arasında dolaşmaqdadır. Şəhər sakinləri arasında yayılan rəvayətə görə, Comərd Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satarmış. Qəribədir, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırar, “Əli eşqinə nə artıq alaram, nə əskik verərəm” deyərək, müştərinin istədiyi çəkidə əti kəsib verərmiş. Sonradan alıcı aldığı əti evdə tərəzi ilə çəkdikdə bir misqal belə artıq-əskiklik olmadığını görüb heyrət edərmiş. Qəssabın bu düzgünlüyü dillər dastanı olmuş, hörmət əlaməti olaraq müsəlmanlar onun qəbri üstündə səkkizguşəli türbə ucaltmışlar.

Yerli əhali arasında yayılan digər bir rəvayətə görə, “Comərd Qəssab” türbəsi Məhəmməd Peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib. Comərd Qəssab Həzrəti Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur. O düşmənlərin Gəncəyə hücumu zamanı şəhərin müdafiəsində şəhidlik zirvəsinə ucalır.

Hazırda Comərd Qəssabın qəbri Gəncə çayının sağ sahilində, “İmamzadə” kompleksinin cənub istiqamətindən 1500 metr aralıda yerləşir. Məhz ilk dəfə türbə də həmin ərazidə olub. Uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalan türbədə tikinti işləri 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Comərd qəssabın qəbri üzərində əvvəlki türbənin bənzəri olaraq qırmızı bişmiş kərpicdən 8 tağlı, üzəri günbəzlə tamamlanan məqbərə inşa edilərək şəhər sakinlərinin ixtiyarına verilib. Bu gün “Comərd Qəssab” türbəsi yerli əhali tərəfindən müqəddəs məkan kimi ziyarət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.