İDMAN
Əfsanəvi idmançı İrina Rodnina 70 illik yubileyini qeyd edir
Moskva, 12 sentyabr, AZƏRTAC
Əfsanəvi idmançı, buz üzərində konkisürmə üzrə üçqat Olimpiya çempionu və onqat dünya çempionu İrina Rodnina 70 illik yubileyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, İrina Rodnina idman karyerasını başa vurduqdan sonra ictimai fəaliyyətlə məşğuldur. O, Rusiya Dövlət Dumasının deputatı, “Yedinaya Rossiya” Partiyasının üzvüdür.
Məşhur idmançını yubileyi münasibətilə Rusiya Prezidenti Vladimir Putin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və digər rəsmi şəxslər təbrik ediblər.
Əfsanəvi idmançı həm də Azərbaycanın yaxın dostudur. O, tez-tez Azərbaycana gəlir, müxtəlif tədbirlərdə, o cümlədən Bakı Beynəlxalq Humanitar forumlarında iştirak edir.
Xatırladaq ki, bu ilin fevralında Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyətinin tərkibində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən yürüşdə iştirak etdiyi üçün ermənilər İrina Rodninanın adını daşıyan idman məktəbinin adını dəyişiblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva