CƏMİYYƏT
Əfsanəvi tankçı Albert Aqarunovun adı yəhudi və Azərbaycan xalqlarının qəlbində əbədi yaşayacaq
Bakı, 25 aprel, AZƏRTAC
Ötən əsrdə Azərbaycan xalqına qarşı iki dəfə kütləvi soyqırımı və dəfələrlə etnik təmizləmə siyasəti həyata keçirən erməni faşizminə qarşı birinci Qarabağ müharibəsində azərbaycanlılarla yanaşı, əsrlər boyu birgə dostluq və qardaşlıq şəraitində yaşayan digər xalqların da nümayəndələri qəhrəmanlıqla döyüşüblər.
AZƏRTAC xəbər verir ki, belə qəhrəman oğullardan biri də 30 ilə yaxındır adı dillərdə əzbər olan yəhudi xalqının nümayəndəsi, Azərbaycanın Milli Qəhrəmanı tankçı, Şuşa uğrunda gedən döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalan Albert Aqarunovdur. Xalqımız hər zaman Albert Aqarunovun xatirəsini əziz tutur, adını əbədiləşdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində cəsur oğulların başladığı haqq işi tarixi ədalətin bərpası ilə nəticələndi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda haqq savaşına qalxan Albert kimi oğulların həyata keçirə bilmədikləri arzularını onların qəhrəman davamçıları 44 günlük Vətən müharibəsindəki döyüş meydanında gerçəkləşdirdilər.
Aprelin 25-də qəhrəmanın ailə üzvlərinin, döyüşçü yoldaşlarının, veteran tankçıların, qazilərin, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının üzvlərinin, Müdafiə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Albert Aqarunovun Şəhidlər xiyabanında məzarı, sonra Nərimanov rayonunda ucaldılmış abidəsi ziyarət olunub, önlərinə gül dəstələri qoyulub.
Albert Aqarunovun xatirəsi Hərbi Qənimətlər Parkında da anılıb. Burada keçirilən anım tədbirlərində Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Tankçı Veteranlar İctimai Birliyinin sədri Hacı Əzimov və digərləri çıxış edərək bildiriblər ki, gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın döyüş yolunun təbliği mühüm əhəmiyyət kəsb edir. Azərbaycan yeganə dövlətdir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yaradıb. Bu gün Albertin məzarını ziyarət edənlər həm birinci Qarabağ, həm də ikinci Vətən müharibələrinin şəhidlərini anmış olurlar.
Vurğulanıb ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı öz Vətəni bilib, həyatını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.
Diqqətə çatdırılıb ki, 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanan və vətənpərvərliyi, cəsurluğu ilə şöhrət tapan yəhudi əsilli 23 yaşlı A.Aqarunovu döyüşçü dostları böyük hörmət və ehtiramla “Şuşanın əfsanəsi” adlandırıblar. O, tank komandiri kimi Şuşa, Daşaltı, Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. A.Aqarunov 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Məlumat verilib ki, Azərbaycan Prezidentinin 1992-ci il 7 iyun tarixli fərmanı ilə Albert Aqarunov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. O, təkcə yəhudi xalqının deyil, həm də Azərbaycan xalqının oğludur. Onun adı hər iki xalqın qəlbində əbədi yaşayacaq.
Qeyd edək ki, paytaxtın Nərimanov rayonundakı küçələrdən birinə Milli Qəhrəmanın adı verilib. Dağ Yəhudiləri Dini İcmasının və “Dədə Qorqud” Milli Fondunun birgə layihəsi əsasında “Albert Aqarunov” mükafatı təsis olunub.