SİYASƏT
Əfv Sərəncamı dövlətimizin başçısının növbəti humanist və nəcib addımıdır
Bakı, 19 mart, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Əfv Sərəncamı dövlətimizin başçısı tərəfindən atılan növbəti humanist və nəcib addımdır. Novruz bayramı ərəfəsində imzalanan bu sənəd bir çox ailənin üzünü güldürdü, onlara sevinc bəxş etdi. İndi həmin ailələrdə ikiqat bayramdır. Cəmiyyətimiz Prezidentimizin bu humanist addımını alqışlayır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Deputat diqqətə çatdırıb ki, son illər Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin martın 18-də imzaladığı Əfv Sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir. Azərbaycan Prezidenti məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlətimizin başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq 625 məhkumu əfv edib. Bu Əfv Sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir.
Elnur Allahverdiyev qeyd edib ki, əfv olunanlardan 475 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub, 98 nəfər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum olunanlardan 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunublar.
“Əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını daha da artırır. Əfv olunan şəxslərin bu humanist addımdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətə adaptasiya olacaqlarına inanırıq”,- deyə Elnur Allahverdiyev vurğulayıb.