İDMAN
“Ağ canavar" kikboksinq klubunun təmsilçiləri “Xocalı kuboku” turnirində uğurla çıxış ediblər
Bakı, 28 yanvar, AZƏRTAC
“Xocalıya ədalət!” devizi altında təşkil olunan kikboksinq üzrə üçüncü “Xocalı kuboku” turnirində “Ağ canavar” kikboksinq klubunun təmsilçiləri uğurla çıxış ediblər. Klubun üzvləri yarışda 8 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar.
Bunu klubun prezidenti, dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.
E.Məmmədov deyib ki, yeniyetmə və gənclərin yarışdıqları turnirdə klubun yetirmələri - dünya və Avropa çempionu, dünya kubokunun ikiqat qalibi Amil Quliyev (48 kq), dünya kubokunun sahibi Nicat Ələkbərli (52 kq) xüsusilə fərqləndiklərini vurğulayıb: “Bu cür tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. “Xocalı kuboku”nun təşkilində əsas məqsəd soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək, gənc kikboksçulara bu soyqırımı haqqında ətraflı məlumat vermək və onlarda vətənpərvərlik hissini gücləndirməkdir. Yarış yüksək səviyyədə keçirildi. Turnirdə kikboksinqin inkişafında əməyimə görə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev tərəfindən fəxri fərmanla təltif olundum”.
Bakı İdman Sarayında keçirilən turnirdə 50-yə yaxın komandanın heyətində 500-dək idmançı iştirak edib.