CƏMİYYƏT
“Ağ lent” kampaniyası çərçivəsində yekun tədbir Ağdam Muğam Mərkəzində keçirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş və Azərbaycanda ilk dəfə həyata keçirilən qlobal “Ağ lent” kampaniyasının yekun tədbiri Ağdam Muğam Mərkəzində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 2000-ci il 7 fevral tarixli qətnaməsi ilə hər il noyabrın 25-i Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. Məhz bu günlə əlaqədar hər il dünyanın bir çox ölkəsində maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu münasibətlə “Ağ Ient” kampaniyası çərçivəsində Ağdam rayonunda “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” (EPIC) layihəsinin sosial komponenti kimi fərqli yaş qruplarından olan insanlara qadınların potensialının artırılması, cəmiyyətdə onların rolunun gücləndirilməsinə dair təlimlər təşkil edilib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyələşdirdiyi EPIC layihəsi çərçivəsində rayon icra hakimiyyətinin, “Human Foundation” və Kənd Qadınları Assosiasiyasının dəstəyi ilə Ağdam Muğam Mərkəzində yekun tədbir keçirilib. Tədbirin birinci hissəsində EPIC layihəsinin əməkdaşı Jalə Ələkbərova görülən işlər barədə məlumat verib. Sonra GIZ-in nümayəndələri Məhbubə Musayeva və İlkin Əliyev tərəfindən hazırlanan və yerli əhalinin iştirak etdiyi #SəndəDanış! adlı sosial çarx təqdim olunub.
Tədbirin ikinci hissəsində “Human Foundation”ın təşkil etdiyi “Sən bacararsan” layihəsi barədə məlumat verilib.
Layihənin yekun tədbirində, həmçinin Kənd Qadınları Assosiasiyasının əməkdaşları tərəfindən “Qadının gücü” adlı sərgi təşkil edilib.