İQTİSADİYYAT
“Ağ şəhər” layihəsi üzrə 2,5 kilometrlik daxili küçələrin tikintisi başa çatdırılıb
Bakı, 22 fevral, AZƏRTAC
Paytaxtın Xətai rayonunda “Ağ şəhər” layihəsi çərçivəsində 2,5 kilometr uzunluğunda daxili küçələrin tikintisi başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə deyib. O, həmçinin diqqətə çatdırıb ki, uzunluğu 53 kilometr olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə və uzunluğu 42 kilometr təşkil edən Zərdab avtomobil yolunun tikintisi də artıq yekunlaşıb. Bundan başqa, M-1 magistral avtomobil yolunun 16-30-cu kilometr hissəsinin uzun illər istismar edilən və intensiv hərəkət altında olan sement-beton örtükdə yaranmış ciddi qüsurlar səbəbindən, sökülərək asfalt-beton örtüklə əvəz edilməsi işləri də sürətlə davam etdirilir. M-2 magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin bərpası ( 47 kilometr, 4-6 hərəkət zolaqlı), R-8 Muğanlı-İsmayıllı-Qəbələ və Oğuz-Şəki avtomobil yolunun layihələndirilməsi və yenidən qurulması layihələri üzrə işləri isə davam etdirilib.