İQTİSADİYYAT


Ağ şəhərdə 12 yeni küçə salınır

Bakı, 9 dekabr, AZƏRTAC

“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müxtəlif uzunluğa malik 2 və 4 hərəkət zolaqlı 12 küçə inşa edilir.

AAYDA-dan AZƏRTAC-a bildirilib ki, ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə yaxın dərinlikdə qazılaraq çıxarılıb. Əvəzində isə yararlı karxana materialından yol geyiminin əsası inşa olunur.

Ümumilikdə 2022-ci ildə 820 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb. Əvəzinə 680 min kubmetr yararlı karxana materialından geri dolğu işləri görülərək yeni yol yatağı inşa edilib, zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib.

Küçələrdə 55 min kvadratmetr səki inşa olunub. Yolların kənarlarında müxtəlif növ 650 ağac əkilib. Müasir işıqlandırma sisteminin qurulması üçün 310 dirək quraşdırılıb.

Hazırda küçələr boyu 76 min kvadratmetr sahədə 3 laydan ibarət 27 santimetr qalınlığında asfalt-beton örtüyü döşənir.

Xatırladaq ki, bu günə qədər Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində ümumi uzunluğu 15 min 130 metr olan 43 küçə inşa edilərək təhvil verilib.

Ümumilikdə layihə çərçivəsində 1-ci mərhələdə Ağ Şəhərdə ümumi uzunluğu 22,4 kilometr, eni isə 16 metrdən 47 metrə kimi dəyişən 63 ədəd küçə inşa edilməlidir. Küçələr hər birinin eni 3,5 metr olmaqla 2, 4 və 6 hərəkət zolağından ibarətdir. Piyada səkilərinin eni isə 3, 6 və 10 metrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.