İDMAN


Ağacan Abiyev: İdmançılarımızın qazandıqları yüksək nəticələr daha böyük uğurların əldə edilməsi üçün əsaslı zəmin yaradır

Bakı, 11 oktyabr, AZƏRTAC

Hazırda dünyanın idman ictimaiyyətinin diqqəti Buenos-Ayresə yönəlib. 200-dən çox ölkənin ən güclü yeniyetmə idmançıları Argentinanın paytaxtında keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qüvvələrini sınayırlar. Azərbaycan komandası bu mötəbər yarışda 2 qızıl 1 bürünc medal qazanıb. İlk qızıl medalı yığmamızın aktivinə cüdoçumuz Vüqar Talıbov (66 kq) yazdırıb. Daha bir idmançımız fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Azərbaycan gimnastı Yelizaveta Luzan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub. İdmançımız Olimpiya Oyunlarının yeni formatına əsasən, bütün gimnastika növləri üzrə qarışıq komandaların yarışında qızıl medal qazanıb. Taekvondoçu Cavad Ağayev (63 kq) isə bürünc medal əldə edib. Atletlərimizin əldə etdikləri yüksək nəticələr idman ictimaiyyətimizi sevindirir. Əminliklə idmançılarımızdan yeni nailiyyətlər gözləyirik.

Bu sözləri Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Azərbaycanın 2010-cu ildən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etdiyini bildirən A.Abiyev bu mötəbər yarışlarda yeniyetmə idmançılarımızın yüksək nəticələr qazanmasının qürur hissi doğurduğunu vurğulayıb. Milli Olimpiya Komitəsinin baş katibi qeyd edib ki, yeniyetmə idmançıların qazandıqları nəticələrin getdikcə yüksəlməsi Azərbaycanda idmanın sürətli inkişafının nəticəsidir: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz idmanın kütləviliyinin təmin edilməsi uşaq və yeniyetmələrdə bu sahəyə marağı getdikcə artırır. Prezident İlham Əliyevin idman və bədən tərbiyəsinin sürətli inkişafı, Azərbaycanın beynəlxalq Olimpiya ailəsinin ən qabaqcıl üzvlərindən birinə çevrilməsi istiqamətində atdığı addımlar ölkənin idman ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Ölkəmizin demək olar ki, bütün bölgələrində inşa edilmiş Olimpiya İdman komplekslərində, müxtəlif təyinatlı idman qurğularında uşaqların idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. İdman infrastrukturunun köklü şəkildə yenidən qurulmasının bəhrəsini görürük. Bu gün idmançılarımız möhtəşəm qələbələri ilə dünyaya səs salıblar. Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycan, həm də idman dövləti kimi tanınır”.

Ağacan Abiyev qeyd edib ki, yüksək nəticə göstərən yeniyetmə idmançıların öz hazırlıqlarını artırmaları, təcrübələrini daha da zənginləşdirmələri üçün Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, eləcə də müvafiq idman qurumları tərəfindən xüsusi diqqət göstərilir. O, bu istedadlı idmançılar arasından gələcəkdə böyüklərin Yay Olimpiya Oyunlarında qələbə qazanacaq atletlərin yetişəcəyini bildirib. “Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra idman sahəsində qazanılan nailiyyətlərə diqqət yetirsək, bu sahədə əldə olunan uğurların yüksələn xətlə davam etdiyini görərik. İdmançılarımızın Yay Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında, İslam Həmrəyliyi Oyunlarında, birinci Avropa Oyunlarında və digər mötəbər yarışlarda qazandıqları yüksək nəticələr gələcəkdə daha böyük uğurların əldə edilməsi üçün əsaslı zəmin yaradır”, - deyə Milli Olimpiya Komitəsinin baş katibi əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.