CƏMİYYƏT


Ağacəkmə qlobal istiləşməyə qarşı mübarizənin mühüm vasitəsidir

Bakı, 19 fevral, AZƏRTAC

Alimlər qlobal istiləşməyə qarşı ən güclü silahın nədən ibarət olmasını müəyyən ediblər. Tədqiqatçıların fikrincə, əvvəllər ağacların sayı və onların iqlimə təsiri lazımınca qiymətləndirilməyib. Halbuki, bütün münasib torpaqlarda meşə salınsa, bu,10 il ərzində atmosferə buraxılan istixana qazları tullantılarını zərərsizləşdirməyə imkan verərdi.

AZƏRTAC “İndependent” nəşrinə istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, meşələrin bərpa edilməsi iqlim dəyişmələrinə qarşı mübarizədə bəşəriyyətin ən güclü silahı ola bilər.

Alimlər peyklərdən alınan məlumatları yerüstü müşahidələrin nəticələri ilə müqayisə edərək bu qənaətə gəliblər ki, hazırda Yer kürəsindəki meşələrdə 3 trilyon ağac var. Bu, NASA-nın əvvəlki hesablamalarında göstəriləndən 7 dəfə çoxdur. Aparılmış araşdırma nəticəsində məlum olub ki, bütün planetin parklarında, meşələrində və baxımsız torpaq sahələrində daha 1,2 trilyon ağac əkmək mümkündür. Bu, bəşəriyyətin iqlim dəyişmələrinə göstərə biləcəyi ən güclü təsirdir.

1 trilyon əlavə ağac əkilməsi bərpa olunan enerji mənbələri və ya ət yeməkdən imtina ilə müqayisədə iqlimə daha güclü təsir göstərə bilər. Hazırda mövcud olan ağaclar 400 giqaton karbon qazının atmosferə buraxılmasının qarşısını alır. Buraya daha 1,2 trilyon ağac əlavə edilsə, azı 10 il ərzində atmosferə istixana qazları tullantılarının qarşısını almaq olar.

Əlbəttə, bütün münasib sahələrdə meşələrin bərpa edilməsi bəlkə də qeyri-mümkündür, lakin ekspertlərin çoxu bu fikirlə razılaşır ki, ağac əkmək qlobal istiləşməyə qarşı mübarizənin və bioloji müxtəlifliyin qorunmasının mühüm vasitəsidir.

BMT-nin “Milyard ağac” layihəsi çərçivəsində 17 milyard ağac əkilib. Bu kampaniyanın yeni hədəfi əkilən ağacların sayını trilyona çatdırmaqdır.

Britaniyalı ekspertlərin hesablamalarına görə, temperaturun artmasını 1,5 dərəcə səviyyəsində saxlamaq mümkündür, lakin bunun üçün təxirəsalınmaz radikal tədbirlər görülməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.