CƏMİYYƏT
Ağaclarda vegetasiya dövrü başlayıbsa, budanma işini aparmaq olmaz
Bakı, 20 fevral, AZƏRTAC
Paytaxtda, eləcə də ölkənin digər bölgələrində ağacların qol-budağının kəsilməsinə, aqrotexniki dillə desək, budanmasına rast gəlinir. Təbii ki, bu da haqlı olaraq budanmanın vaxtında və düzgün aparılmasına dair suallar yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Rəhim İbrahimov AZƏRTAC-a bildirib ki, hazırda budanmanın aparılması düzgündür: “Ağaclarda vegetasiya dövrü başa çatdıqdan - yarpaqlar saralıb töküləndən sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən xəstə, quru, qurumaqda olan və həşəratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir.
Meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən və quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks təqdirdə tam kəsilməyən hissə yağışdan çürüyərək həşəratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır”.
Mütəxəssis qeyd edib ki, ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz. Ancaq sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da məsələyə münasibət bildirib: “İstər ictimai yerlərdə, istərsə də fərdi sahələrdə yaşıllıqların budanması mütəxəssislərin rəy və məsləhətləri nəzərə alınmaqla aqrotexniki qaydalara uyğun həyata keçirilməlidir. Yaşıllıqların qorunması üçün vətəndaşlarımızı və bu işlə məşğul olan hər kəsi mütəxəssislərin məsləhətlərinə əməl etməyə və tövsiyələrindən yararlanmağa çağırırıq. Yaşıllıqlara düzgün xidmət göstərilməsi məqsədilə hər bir vətəndaş nazirliyin mütəxəssislərinə müraciət edə bilər”.