CƏMİYYƏT
Ağacların mühafizəsi ilə bağlı akt tərtib olunub
Bakı, 21 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhər sakinləri Həsrət Qocayev və Elçin Hüseynov tərəfindən Binəqədi rayonu, S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki ərazinin hasara alınması və ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə baxış keçirilən zaman həmin ünvanda 174 kvadratmetr torpaq sahəsinin metal lövhələrlə hasara alındığı və həmin ərazinin daxilində 3 sərv ağacının yaşköküstə olduğu müəyyənləşib. Ağac kəsilməsi və zədələnməsi hallarına rast gəlinməyib.
Araşdırma zamanı, həmçinin məlum olub ki, həmin ərazi birmərtəbəli qeyri-yaşayış obyektinin tikintisi üçün fiziki şəxs Bağır Abdullayevə verilib.
Mövcud vəziyyətlə bağlı qanunauyğun qaydada akt tərtib edilib. Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə, rayon polis idarəsinə və fiziki şəxs B.Abdullayevə məktub göndərilib.