CƏMİYYƏT
Ağacpaylama aksiyası çərçivəsində əhaliyə 10 mindən çox ağac tingi paylanılıb
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, bölgələrdən isə Gəncə və Şəkidə əhaliyə müxtəlifcinsli tinglər paylayıb. Nazirliyin mütəxəssisləri ağacların əkilməsi, onlara qulluq göstərilməsi qaydalarını vətəndaşlara izah ediblər.
AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bugünkü aksiyada, ümumilikdə, 10 mindən çox ağac tinginin vətəndaşlara paylandığını bildirib: “Təşkil olunan aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaqdır. Qeyd edim ki, ilk dəfə ağacpaylama aksiyası payız ağacəkmə kampaniyası zamanı təşkil olundu və əhali tərəfindən çox sevinclə qarşılandı. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq.
Ümumilikdə, yaz ağacəkmə kampaniyası çərçivəsində 50 mindən çox ağac tinginin paylanması nəzərdə tutulub. Ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir.
Sevindirici haldır ki, ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib. Ümid edirik ki, bu cür tədbirlər getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq.
Nazirlik ağacəkmə kampaniyasına qoşulan bütün dövlət və özəl qurumlara, ictimaiyyət nümayəndələrinə, jurnalistlərə öz minnətdarlığını bildirir".
Mətbuat katibi aksiyanın aprelin 10-dək davam edəcəyini diqqətə çatdırıb.
Paytaxt sakini Vəli Məmmədov nazirliyin təşəbbüsünü yüksək qiymətləndirərək deyib: “Bu, çox müsbət haldır ki, əhaliyə pulsuz tinglər paylanılır. Təşəbbüs əhalinin ətraf mühitin mühafizəsinə töhfə verməsi baxımından əhəmiyyətlidir. Burada mütəxəssislər ağaclara düzgün qulluq qaydalarını da izah edirlər. Həmin tinglər arasında meyvə ağacları da var. Vətəndaşlar bağlarında, həyətlərində əkdikləri ağacların meyvələrindən də faydalana biləcəklər. Bu cür aksiyalar əhalini ağac əkməyə həvəsləndirir. Həmçinin nazirlik ağac əkmək istəyənlərə tinglər paylayaraq onlara dəstək olur. Belə təşəbbüsə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə öz minnətdarlığımı bildirirəm”.