SİYASƏT
Ağalar Vəliyev: Ermənistan törətdiyi cinayətlərə görə cavab verəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurur, öz iradəsini diktə etməyə çalışırdı. Ongünlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlərin və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Deputat qeyd edib ki, münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir, danışıqlar prosesi imitasiya naminə aparılırdı. Məqsəd Azərbaycan torpaqlarının tədricən Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübuta yetirdi.
Gəncə şəhərində çoxmənzilli yaşayış binalarına endirilən raket zərbələrinin erməni terrorçularının barbarlığını dünyaya bir daha göstərdiyini vurğulayan deputat deyib: “Cəbhə bölgəsinə, eləcə də cəbhədən xeyli aralıda yerləşən digər şəhərlərimizə də hücumlar davam etdirilir. Mingəçevir, Bərdə, Tərtər, Ağdam və digər yaşayış məntəqələrinə dinc əhali qəsdən hədəfə alınaraq ağır artilleriya atəşinə tutulur.
Xocalı faciəsindən bəri Ermənistan tərəfindən soyqırımı aktları davam etdirilir. Terrorizmi dövlət siyasəti səviyyəsində aparan qatil Ermənistan bu cinayətlərə görə cavab verməlidir. Beynəlxalq ictimaiyyət bu terrora “dur” deməlidir.
Düşmən bu hücumlarla üçüncü qüvvələri münaqişəyə cəlb etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərə verdiyi son şansı da onlar bu şəkildə dəyərləndirirlərsə, hansı atəşkəsdən danışırlar?! Deməli, ermənilərə atəşkəs lazım deyil. Bu vəziyyətdə atəşkəs çağırışları riyakarlıqdır.
Hamımız Ali Baş Komandana, şanlı Ordumuza inanır və güvənirik. Əgər dünya birliyi bu vəhşiliyə “dur” deyə bilmirsə, Azərbaycan Ordusu terroristləri susdurmağa qadirdir”.