SİYASƏT
Ağalar Vəliyev: Prezident İlham Əliyevin irəli sürdüyü vəzifələr Qarabağın inkişafı üçün milli prioritetlər kimi dəyərləndirilməlidir
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri və bu səfərlər çərçivəsində dövlətimizin başçısı tərəfindən bir sıra strateji obyekt və müəssisələrin açılışının edilməsi nəinki dövlətimiz, eləcə də region üçün müsbət dəyişikliklərin başlanğıcından xəbər verən mühüm hadisəyə çevrildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.
Deputat söyləyib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması artıq Azərbaycanı regionun ən favorit və cəlbedici ölkəsinə çevirib. Uzunluğu 3500 kilometr olan, 7 ölkəni birləşdirən və Cənub Qaz Dəhlizinin inşasının bu yaxınlarda başa çatdırılması ilə əlaqədar videokonfrans formatında keçirilən iclas bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan nəhəng layihələrə imza atmaqdadır.
İşğaldan azad edilmiş rayonlara səfər zamanı Prezident İlham Əliyev tərəfindən Füzuli rayonunda uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması daha bir regional nəqliyyat layihəsinin işə düşəcəyindən xəbər verir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyatının yaranmasına böyük töhfə verən bu dəmiryol xəttinin işə düşməsi Azərbaycanla Türkiyə, eləcə də digər qonşu dövlətlərlə kommunikasiya əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, həmçinin böyük beynəlxalq logistika layihələrinin icra olunmasına şərait yaradacaq.
Deputatın sözlərinə görə, ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr, milli prioritetlər kimi dəyərləndirilməlidir. İşğaldan azad edilmiş bütün rayonlarımızın baş planları hazırlanıb başa çatdıqdan sonra orada bərpa-quruculuq işlərinə start veriləcək.
Ölkə ictimaiyyətinə ilk dəfə “ağıllı kənd” layihəsi barədə müjdə verən dövlətimizin başçısı bildirib ki, birinci belə layihə erməni işğalı nəticəsində dağıdılmış Zəngilanın Ağalı kəndində reallaşdırılacaq. Kənddə layihənin icrası yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri - yəni, 5 komponent üzrə aparılacaq. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Ağalar Vəliyev qeyd edib ki, azad edilmiş Azərbaycan ərazilərinin Prezidentimizin birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa olunması, yenidən qurulması indiki pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə dövlətimizin gücünü və qüdrətini göstərən möhtəşəm bir hadisədir.
Belə hadisələrdən biri də Laçın rayonunun Güləbird kəndində 8 meqavat generasiya gücü olan Su Elektrik Stansiyasının açılışı oldu. İşğalçı ölkə tərəfindən dağıdılmış Güləbird stansiyasının cəmi ay yarım ərzində bərpa edilərək istifadəyə verilməsi, digər alternativ enerji layihələrinin işə düşməsi dövlətimizin başçısının Böyük Qayıdışı təmin etməklə yanaşı, Qarabağ bölgəsində həyatın canlanmasında yüksək əzm nümayiş etdirməsinin bariz nümunəsidir.
Milli Məclisin deputatı vurğulayıb ki, azad edilmiş rayonlarda qısa müddət ərzində 7 min hektar torpaq sahəsində əkin işlərinin aparılması ölkəmizin ərzaq təhlükəsizliyi, eləcə də kənd təsərrüfatının inkişafı baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev də bildirdiyi kimi, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar.
“Bu gün bütün dünya mətbuatı Prezident İlham Əliyevin Qarabağ bölgəsinə mütəmadi səfərlərindən yazır, dövlətimizin başçısının fikirləri beynəlxalq mətbu orqanlarının səhifələrində işıqlandırılır. Bu, onu göstərir ki, tarixi ədaləti bərpa etmiş ölkəmizin düşməndən azad edilən torpaqlarda həyata keçirəcəyi bərpa və yenidənqurma işləri bütün dünyanın ciddi marağına səbəb olub. Bu, həm də onu göstərir ki, Azərbaycan doğru yoldadır və Qarabağın yüksək inkişaf etmiş bölgəyə çevriləcəyi gün uzaqda deyil”, - deyə A.Vəliyev bildirib.