CƏMİYYƏT


Ağalı kənd sakinlərinin məşğulluğunun təminatı üçün dəstək tədbirlərinə başlanılıb

Bakı, 13 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi kəndə köçürülən sakinlərin özünüməşğulluğunun təşkili və işlə təminatını həyata keçirmək məqsədilə nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb olunub. Onlar üçün biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Həmin şəxslər özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunmasına başlanılıb. İlkin mərhələdə Ağalı kəndində 3 vətəndaş aktivlərlə təmin edilib. Yaxın aylarda isə digər vətəndaşlar da proqram çərçivəsində aktivlərlə təmin ediləcək.

Həmçinin kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə orada peşə hazırlığı kursları təşkil olunur, “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə fəaliyyət də həyata keçirilir. İlkin olaraq kənd ərazisində “Gill MED” MMC ilə birlikdə dərzilik kursuna start verilib. Hazırda həmin kursa 6 nəfər kənd sakini cəlb edilib.

Bundan əlavə, kənd sakinlərinin işlə təminatı məqsədilə Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri və özəl şirkətlərin vakansiya tələbləri öyrənilib. Bu tələblərə uyğun namizədlərin işlə təmin olunması sahəsində də müvafiq addımlar atılır, işəgötürənlərlə vətəndaşların görüşləri keçirilir.

İndiyə qədər kənd sakinlərindən 24 nəfəri münasib işlərlə təmin olunub, məşğulluq tədbirlərinə cəlb edilə bilən daha 35 sakin isə müsahibə mərhələsindən uğurla keçib və yekun sənədləşmə mərhələsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.