CƏMİYYƏT


Ağalıya köçürüləcək əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir

Bakı, 4 avqust, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, cari gəlirgətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb ediliblər.

Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə birgə pilot metodologiyalarla hazırladığı sorğular, üzbəüz müsahibələr, masa araşdırmaları və fokus-qrup görüşləri Ağalı kənd əhalisinin sıx məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Beyləqan rayonlarında aparılır.

Ümumilikdə “ağıllı kənd” konsepsiyası əsasında salınan Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur. Həmin sakinlərdən əmək qabiliyyətli 492 nəfərin ehtiyaclarının qiymətləndirilməsinə və müvafiq olaraq, onların məşğulluğunun səmərəli təmin edilməsi üçün müvafiq sorğu-anketlər keçirilir.

Belə ki, yekun mərhələdə sorğuların nəticələri təhlil ediləcək, əmək qabiliyyətli hər bir məcburi köçkünün bilik və bacarıqlarının təkmilləşdirilməsi, uyğun məşğulluq fəaliyyəti ilə təmin olunması üçün aidiyyəti qurumlarla birgə əmək yarmarkaları, işəgötürənlərlə görüşlər və müvafiq digər optimal tədbirlər həyata keçiriləcəkdir.

Sorğuların bu ilin avqust ayı ərzində yekunlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.