REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində tələbələrin “Yay məktəbi”nə start verilib
Şahbuz, 7 iyul, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunun Ağbulaq İstirahət Mərkəzində tələbələrin “Yay məktəbi”nə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Yay məktəbi”ndə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin fəal tələbələri, könüllü gənclər və Yeni Azərbaycan Partiyasının fəalları iştirak edirlər.
Bu münasibətlə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov çıxış edərək bildiriblər ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə mütəmadi tədbirlər keçirilir. Hər il Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbləri” də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Tədbirdə gənclərin fikir və təklifləri dinlənilib.
İyulun 7-dək davam edəcək “Yay məktəbi”ndə Naxçıvan Dövlət, “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, Texniki və Tibb kolleclərin tələbələri, könüllü gənclər iştirak edirlər. “Yay məktəbi”ndə “Ünsiyyət psixologiyası” mövzusunda seminar, “Nə? Harada? Nə zaman?” intellektual oyununun keçirilməsi, vətənpərvərlik mövzusunda film nümayişi, bədii qiraət, müxtəlif mövzularda təlimlər, idman oyunları nəzərdə tutulub.
“Yay məktəbi”ndə gənclərin komanda ilə işləmək bacarıqları yoxlanılacaq, fəallıq göstərənlərə sertifikatlar təqdim olunacaq.