REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Qış məktəbi”nin ikinci mərhələsi başa çatıb
Şahbuz, 20 fevral, AZƏRTAC
Muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələri tələbələrinin Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Qış məktəbi”nin ikinci mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin və təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə maraqlı və əyləncəli keçən ikinci mərhələdə tələbələr müxtəlif idman növlərində qüvvələrini sınayıb, “Vətəni tanı”, “Nuh yurdu”, “Axtar tap” kimi müxtəlif intellektual oyunlarda mübarizə aparıblar.
Gənclərə “Qış məktəbi” çərçivəsində vətənpərvərlik mövzusunda filmlər də nümayiş etdirilib. Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” İnstrumental Ansamblı kollektivinin çıxışları isə iştirakçılarda xoş ovqat yaradıb.
Bununla yanaşı, “Qış məktəbi”nin ikinci günündə tələbələr Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşının mühazirəsini dinləyiblər.
Mühazirədə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Qış məktəbi”nin ikinci mərhələsində 50 tələbə iştirak edib.