ELM VƏ TƏHSİL
Ağcabədi, Ağdam, Zərdab və Laçın rayonlarının təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Zərdab rayonu Heydər Əliyev Mərkəzində Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Tədbirdə Ağcabədi, Ağdam, Zərdab və Laçın rayonlarının təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.
Sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabatları təhlil edərək münasibətini bildirib. O, Prezident İlham Əliyevin təhsil sahəsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə və olimpiada uğurlarına toxunan nazir müavini bu göstəricilərin daha da yaxşılaşdırılması üçün lazımi işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Məhəbbət Vəliyeva bildirib ki, hər bir bölgənin təhsilinin inkişafı üçün yalnız yerli təhsili idarəetmə qurumları deyil, həm də məktəb direktorları məsuliyyət daşıyır. Bölgələrin təhsil sahəsində əldə etdiyi uğurlar, eyni zamanda, zəif nəticələr hər zaman nazirliyin diqqətindədir. Zəif nəticələr təhlil edilir, səbəblər araşdırılaraq müvafiq tədbirlər görülür, yüksək nəticələr isə qiymətləndirilir.
Nazir müavini ümumi təhsil müəssisələrində sağlam, keyfiyyətli təhsil mühitinin təşkilinin vacibliyini vurğulayaraq deyib ki, bunun üçün Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən risk qrupuna daxil olan şagirdlərlə ciddi məşğul olmaq lazımdır. Məhəbbət Vəliyeva qarşıda duran prioritet məsələlərlə bağlı işlərin davam etdirilməsinin önəminə diqqət çəkib. O, təhsil işçilərinə tövsiyə və tapşırıqlarını verib, onlara uğurlar arzulayıb. Təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən müəllim və məktəb direktorları təltif edilib.