REGİONLAR


Ağcabədi, Bərdə və Tərtər rayonlarında profilaktik peyvəndləmə prosesinə nəzarət edilib

Bakı, 9 iyul, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Ağcabədi, Bərdə və Tərtər rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət edib, fərdi təsərrüfat sahibləri ilə görüşüb.

Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə B.Rzayev heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, ölkənin epizootik sabitliyinin qorunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb.

Bildirib ki, bölgələrə səfərin əsas məqsədlərindən biri də baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq, dövlət tərəfindən heyvanlar üçün verilən peyvənd vasitələrinin “soyuq zəncir” prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada tətbiqinə nəzarət, isti yay günlərində heyvanların saxlanılmasında baytarlıq-sanitariya tələblərinə əməl etmək, eləcə də yerlərdə çalışan baytarlıq mütəxəssislərinin iş şəraiti, təminatı və təhsil səviyyələri ilə yaxından tanış olmaqdır.

Səfər çərçivəsində Bayandur Rzayev Bərdə rayonunun Türkmən kəndində yerləşən Şəhriyar adına fermer təsərrüfatında olub, heyvanların saxlanılma, yemləmə, sağım və doğum şəraiti və müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə təbirləri ilə maraqlanıb, təsərrüfat sahibləri ilə görüşüb. B.Rzayev təsərrüfat sahiblərinin müraciətlərini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Dövlət Baytarlıq Xidmətinin rəhbəri baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və kəskin yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub. O, həmçinin fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini qeyd edib.

Görüşlərdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların işlə təminatı müzakirə olunub, əməkdaşların istək və arzuları dinlənilib. Həmçinin, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.