CƏMİYYƏT
Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub VİDEO
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunmuş binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
Hissənin ərazisində üççıxışlı yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, iki su anbarı, içməli su anbarı, avtoyuma və bir artezian quyusu inşa olunub. İnzibati binada şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostend də quraşdırılıb. Bundan başqa, inzibati binada dispetçer, tədris və istirahət otaqları, yeməkxana da var. Hissə ən müasir yanğınsöndürmə və qəza-xilasetmə avtomobilləri ilə təmin edilib.