REGİONLAR
Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur
Bakı, 13 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında sosial-infrastruktur layihələr arasında yol infrastrukturunun yenidən qurulması önəmli yer tutur. Bu çərçivədə respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib və keçirilməkdə davam etdirilir.
Yerli əhəmiyyətli yolların yenidən qurulması layihələri çərçivəsində Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yolboyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub.
Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu işlər çərçivəsində əraziyə lazımi miqdarda xüsusi çınqıl materialı, həmçinin optimal-qırmadaş qarışığı daşınmaqla yol yatağının genişləndirilməsi ilə tikintisi, texnoloji ardıcıllığa uyğun olaraq isə yol əsasının salınması işləri aparılıb.
Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 36 ədəd müxtəlif diametrli dəmir-beton boruların tikintisi və 1 nöqtədə zəruri olan 16 metr uzunluğunda suötürücü keçidin inşası işləri də aparılıb.
Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə yolun 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kvadratmetr sahəyə 2 laydan ibarət və 12 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yolboyu iri dənəli asfalt-beton qarışığından alt layının tikintisi işləri artıq tam olaraq yekunlaşdırılıb. Hazırda xırda dənəli asfalt-beton qarışığından yolun üst layının tikintisi işləri aparılır.
Bunun ardınca hərəkətin normal təşkili üçün yolboyu zəruri yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəklərinin quraşdırılması və xətlənməsi ilə yaxın müddət ərzində müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.
Bir sözlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yollarına rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.