ELM VƏ TƏHSİL
Ağcabədi rayonunun Təzəkənd və Qaravəlli kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir
Ağcabədi, 31 yanvar (AZƏRTAC). Ağcabədi rayonunun Təzəkənd kəndində yeni inşa olunmuş 540 şagird yerlik, Qaravəlli kəndində 480 şagird yerlik tam orta məktəblər istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə açılış mərasimləri keçirilmişdir.
Mərasimlərdə Milli Məclisin deputatları Aqil Abbas, Tahir Rzayev və rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək təhsil müəssisələrinin istifadəyə verilməsi münasibətilə müəllim, şagird və valideynləri təbrik etmiş, ölkədə təhsilə göstərilən dövlət qayğısından, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışmışlar.
Bildirilmişdir ki, bu dərs ilində 960 şagird yerlik Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin, 280 şagird yerlik Qiyamadınlı kənd, 480 şagird yerlik Rəncbərlər, hər biri 180 şagird yerlik Qaraxanlı, Şərəfxanlı və Biləyən kənd tam orta məktəblərinin, 80 şagird yerlik Aran kənd 2 nömrəli, Ağabəyli və Aşağı Mehrablı kənd ümumi orta məktəblərinin, əsaslı təmir edilmiş şəhər 5 nömrəli tam orta məktəbin binaları istifadəyə verilmişdir. Hazırda Aran kəndində yeni məktəb binasının, Ağcabədi şəhərində uşaq bağçasının tikintisi davam etdirilir.
Mərasimlərdə çıxış edən müəllim, şagird və kənd ağsaqqalları göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbir iştirakçıları məktəblərdə yaradılmış şəraitlə tanış olmuşlar. Yeni məktəb binalarında kimya və fizika laboratoriyaları, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, istilik sistemi yaradılmış, məktəblər lazımi inventar və avadanlıqla təmin olunmuşdur.