CƏMİYYƏT
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində zenit top mərmiləri aşkarlanıb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də saat 02:28-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən, saat 05:17-də isə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə yol kənarına baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ANAMA-nın mütəxəssisləri iki ədəd zenit top mərmisi (BR-167) aşkarlayıblar. Həmin sursat zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin tapıldığı yerin ətrafında 2500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib. Əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
ANAMA tərəfindən yanvarın 1-dən iyulun 31-dək Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Tovuz, Qazax, Qaradağ, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə, Sumqayıt və Naftalan şəhərləri ərazisində 21 evə və həyətyanı sahəyə, 16 əkin sahəsinə, digər obyektlərə baxış keçirilib. Bu əməliyyatlar nəticəsində ümumilikdə 3576 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə dörd mina və 73 kiloqramlıq partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. İlin əvvəlindən ümumilikdə 108 min 705 kvadratmetr ərazi yoxlanılıb.